Bu dəfə holding, "Kampinist.az" ilə birgə yeni tədris ilində Astaranın Sım kəndində təhsil alacaq ibtidai sinif şagirləri üçün "Məktəbli payı" layihəsində iştirak edib. Layihə çərçivəsində 35 nəfər ibtidai sinif şagirdinə çanta və dərs ləvazimatları hədiyyə olunub.
Tədbirdə Pəlikəş inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xaqani Xalıqov, Sım kənd bələdiyyə sədri Nicat Qafarov, məktəbin direktoru Nəbi Xalıqov və şagirdlərin valideynləri iştirak edib.
Dövlət himni ilə başlayan tədbirdə məktəbin direktoru N.Xalıqov çıxış edərək layihəyə görə "MSDIS Holding" və "Kampinist.az"a təşəkkür edib, yeni tədris ilində şagirdlərə uğurlar arzulayıb.
Ardınca tədbirin qonağı olan şən kloun şagirdləri əyləndirib, onlarla birlikdə rəqs edib və müxtəlif oyunlar oynayıb. Sonda isə şagirdlərə hədiyyələr paylanılıb və xatirə şəkli çəkilib.
Qeyd edək ki, yeni tədris ilinə "MSDIS Holding" və "Kampinist.az"ın töhfəsi ilə başlayacaq ibtidai sinif şagirdlərinə təqdim olunan hədiyyə qutusuna məktəbli çantası və 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulmuşdur.